
Oktyabrın 1-nə olan məlumata görə, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları işğaldan azad edilmiş ərazilərdə aşkarlanıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Bakıda keçirilən beynəlxalq konfransda məlumat verib. O bildirib ki, indiyədək 29 kütləvi məzarlıqdakı 218 şəxsə, həmçinin tikinti-quruculuq işləri zamanı tapılan 342 nəfərə aid meyit qalıqları ekshumasiya olunub. Bundan əlavə, I Qarabağ müharibəsində həlak olmuş və tanınmadan dəfn edilən 210 nəfərin qalıqları da qəbiristanlıqlardan çıxarılaraq araşdırılıb. Hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış qazıntı işlərini davam etdirir. "Mənə verilmiş məlumata əsasən, keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata əsasən, kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib. Tədbirin proqramına əsasən, sabah konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşdırılacaq"- deyə Əli Nağıyev bildirib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bildirib ki, bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq. Müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin-şəhidimizlə bağlı məlumat veriləcək.
- Baxış: 63