Bu günə xəbərlərin oxunma sayı: 666
— 31.10.2025 18:22

Hikmət Hacıyev: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişəcək

Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib. "Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə regionumuz üçün deyil, həm də Avrasiya məkanında rifah və əməkdaşlığı gücləndirəcək. Azərbaycan bu yolların tikintisində əsas rol oynayır və bu gün qurulan infrastruktur bütün Qafqaz regionunu dəyişəcək."- deyə o əlavə edib. 
Hikmət Hacıyev bildirib ki, Vaşinqton sammiti Azərbaycan və Ermənistan arasında sülh prosesinə siyasi dəstək verib. Məqsədimizin sülhü qazanmaq  olduğunu bildirən prezidentin köməkçisi ABŞ administrasiyasına, Prezident Trampa və onun komandasına sülh prosesinə verdikləri siyasi dəstəyə görə minnətdarlığını bildirib. O əlavə edib ki, iki ölkə artıq sülh şəraitində yaşamağı öyrənir və Azərbaycan sülhün iqtisadi faydalarının bütün regiona yayılmasına çalışır.